Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Səma rəqsi

Səma rəqsi yalnız Qazaxın Aslanbəyli kənd camaatının icra etdiyi rəqsdir. İfası tərzinə görə bu rəqs daha çox dini rituala, meditasiyaya bənzəyir.

Səma rəqsini mövlud günləri oynayırlar. Mövlud bir ölünün ruhuna verilən ehsana deyilər. Həmin gün ölü sahibinin evində toplaşır, yemək verirlər. Süfrədə ruhların şərəfinə şamlar yandırılır, dualar edilir. Yemək bitdikdən sonra yerdən bardaş qurub otururlar və ölənin ruhuna və İlahinin böyüklüyünə dair fəlsəfi məzmunlu şerlər oxuyarlar. Bu ayin zamanı müsəlman dini mərasimlərdən fərqli olaraq kişi-qadın birlikdə iştirak edir. Əlində dəf olan bir nəfər məclisi idarə edir, əruz vəznində melodik bir şer deyir. Yerdən oturanlar onun dediklərini təkrar edir və əl çalırlar. Tədricən sürət artmağa başlayır. Bu zaman yerdə oturanlar qalxıb tək-tək rəqs etməyə başlayırlar. Bu rəqs digərlərinə heç bənzəmir. Oynayanlar əllərini yavaş-yavaş havaya qaldıraraq öz oxları ətrafında dönürlər. Sanki trans vəziyyətinə düşürlər. Səma rəqsi bir neçə saat davam edir.

Türkiyənin Konya bölgəsində geniş yayılmış, məşhur Mövlana Cəlaləddin Rumi məktəbinin yetirmələrinin məşhur semazen (səmavi) rəqslərinə çox bənzəyir. Bu rəqslərin eyni kökdən olduğunu söyləyirlər.