Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

"Qazax" toponimi haqqında

Elmi tədqiqatlarda "qazax" sözünün yaranması və onun mənası haqqında müxtəlif fərziyyələr irəli sürülür. Etnonim Çindən Qara dənizədək olan geniş ərazilərdə təsadüf olunur, və çin, ərəb, fars, yunan, rus, və digər mənbələrdə qeyd olunur. Bu dillərin qaydalarına görə, "qazax" sözü asa, kasa, xasa, xaysak, kasak, kosek, qasuk, qasak, xasık, kozak, kazak və s. kimi şəklini dəyişmişdir və türk dilli tayfalara qarşı istifadə olunurdu.

Belə bir fikir var ki, "Qazax" toponimi X-XII əsrlərdə şimal Qazaxstandan Azərbaycana köçmüş qıbçaq tayfa qrupunun adından əmələ gəlib. Lakin Qazaxların Aranda (Azərbaycan) olan yaşayış məntəqəsinə VII əsrdə baş vermiş hadisələr ilə əlaqədar olaraq artıq IX əsrdə ərəb mənbələrində rast gəlinir. Tarixçi Əl-Kufinin məlumatlarında Kasak adı ilə, İbn-Xordadbexin məlumatlarında isə - Kisal adı ilə qeyd olunmuşdur. Əl - Balazurinin məlumatlarına görə, Kasal ərəb canişini Mərvan ibn Məhəmməd tərəfindən təxminən VIII əsrin 30-cı illərinin ortalarında (732-744) tikilmişdir və xəzərlər və yerli tayfalar ilə mübarizə gedişində hərbi düşərgə vəzifəsini görmüşdü. Təsvirə görə onun yerləşməsi indiki Qazax ilə üst-üstə düşür, müxtəlif yazılış isə (Kasal və Kasak) "k" və "l" ərəb əl yazma hərflərinin oxşarlığı ilə izah olunur. Bu onu təsdiq edir ki, qazaxlar hər halda VII əsrdən əvvəl burada məskunlaşmışlar. 905-959-cı illərdə yaşamış Bizans imperatoru VII Konstantinin "İmperiyanın idarə olunması haqqında" əsəri də maraqlı mənbədir. 42-cı fəsildə, Xəzər və Qara dənizlərin arasındakı ərazilərin təsviri zamanı VII Konstantin yuxarısında Qafqaz dağları yerləşən Kazaxiya ölkəsinin adını çəkir. Bu təsvir Kazaxiyanın Cənubi Qafqazda yerləşdiyi haqqında düşünməyə imkan yaradır. Sonralar Qazax adına səlcuq və osmanlı salnamələrində də təsadüf edilir.

"Qazax" sözünün mənasının mənşəyinə gəldikdə isə, burada həqiqilik dərəcəsinə görə müxtəlif fərziyyələr mövcuddur. Onları ümumiləşdirərək, iki daha real fərziyyəni göstərmək olar.

1. Qədim türk dilindən tərcümədə "qazax" sözü "azad", "ayrılmış insanlar", "cəsur, azadlığı sevən insanlar", "qoçaq əsgərlər" kimi tərcümə olunur. Bugünkü günə bu fərziyyə etnoqraflar arasında ən çox yayılmış fərziyyə hesab olunur. Görkəmli tədqiqatçılar olan V.Velyaminov-Zernov, V. Bartold, A.Yudin və başqaları bu cür izahın tərəfdarları olmuşdurlar.

2. "Qazax" adı Xəzər dənizinin ətrafında olan ərazidə məskunlaşmış tayfaların adından irəli gəlir. Saklar, kaspilər, xəzərlər, azlar kimi tayfaların adı zamanla şəklini dəyişmiş və "qazax" sözünə çevrilmişdir. "Qazax", "Kaspiy", "Qafqaz", "Xəzər" sözləri "kas", "qaz", "xəz" kökündən əmələ gəlir. Ehtimal ki, həmçinin “qazax” sözü kaspiy və sak iki qədim tayfanın adlarının birləşməsindən əmələ gəlmişdir. Dəyişiklik kaspiy - sak, kas - sak, sonra isə qazax sxemi üzrə baş vermişdir. Eləcə də "sak" kökü "qıbçaq" (kıbsak), "kaysak" (Qazaxstanda yaşayan qazaxları ruslar bu cür adlandırmışdır) etnonimlərində də yer alır.