Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Bölgənin tarixi

Tarixi Qazax geniş bir ərazini əhatə edirdi. Bu əraziyə Azərbaycanın indiki Qazax, Ağstafa, Tovuz, qismən Gədəbəy rayonları, Ermənistanın bir hissəsi - Karavansaray (indiki İcevan), Barana (Noembriyan), Şemsaddin (Berd), Qaraqoyunlu (Krasnoselsk), Dilican və Gürcüstanın Borçalı bölgəsi daxil idi. Azərbaycanın şimal-qərbi ən qədim zamanlardan insan məskəni olmuşdur. Əlverişli təbiət, zəngin heyvan aləmi, Gəncə-Qazax düzənliyində və Ceyrançöldə mülayim-isti iqlim bu yerlərin erkən məskunlaşmasına geniş şərait yaramışdır. Burada arxeoloqlar tərəfindən paleolit, eneolit, tunc və dəmir dövrlərinə aid olan qədim düşərgələrin izləri, dəfn kurqanlar aşkar olunmuşdur. Burada buğda, arpa əkilirdi, mal-qara, qoyun-quzu, cins atlar yetişdirilirdi. Tapılan daş alətlər, məişətdə istifadə edilən gil və bürünc əşyalar qədim ustaların məharətini göstərir. Çoxsaylı bürünc qılınclar, baltalar, nizələr və başqa silahlar isə bölgənin hərbi ruhundan xəbər verir.

Azərbaycan ərazisində daş dövrünə aid ən qədim insan düşərgələrindən biri məşhur Damcılı mağarasında aşkar edilmişdir. 1957-1958 illərdə aparılan arxeoloji qazıntılar zamanı burada çox saylı daş alətlər, müxtəlif heyvanların sümükləri tapılmışdır. Daş dövrünə aid qədim insan düşərgəsi Birinci Şıxlı kəndində də aşkar edilmişdir. Dəmirçilər kəndi yaxınlığında Baba-Dərviş eneolit düşərgəsində tapılan gil qabların üzərinə çəkilmiş naxışların min illərlə yaşı var. 1952-ci ildə Qazaxbəyli kəndi yaxınlığında tapılan yaşayış yeri və qəbiristanlıq eramızdan əvvəl VIII-VII əsrlərə aid edilib. Müxtəlif tərəflərə istiqamətlənən qəbirlərdə dəfnlər sol və sağ böyür üstə aparılmışdır; qəbirlərə dəfn olanlarla yanaşı böyük miqdarda gil və dəmir əşyalar, silahlar qoyulmuşdur. Tunc dövrünün dəfn kurqanları Qazax rayonunun bütün ərazisində təsadüf edilir.

Eramızın ilk illərindən başlayaraq bu bölgə Qafqaz Albaniyasının tarixi coğrafiyasının tərkib hissəsi olmuşdur. Roma tarixçilərinin yazdığı kimi, məhz burada, Qarayazı çölündə, e.ə. I əsrdə alban ordusu romalı Qney Pompeyin legionları ilə qanlı döyüşdə toqquşmuşdur. Albaniyanın əhalisi müxtəlif etnoslardan ibarət olsa da, onların arasında türkdilli tayfalar çoxluq təşkil edirdi. 313-ci ildə Albaniyada xristianlıq qəbul edilmişdir. Qafqaz Albaniyasının dövründən bölgədə bir neçə Alban məbədi (V-VIII əsrlər) günümüzə qədər çatmışdılar.

Sonrakı əsrlər ərzində bu diyar Sasani İran, Bizan, ərəblərin, türk-səlcukların, gürcülərin, monqolların, timuridlərin təsiri altında olmuşdur. İlk dəfə Qazax adına ərəb tarixçisi Al-Kufinin əsərində, VII əsrin hadisələrini təsvir edən zamanı rast gəlinir. Onun adı böyük bir türk qəbiləsinin adı ilə bağlı idi. X əsrdən başlayaraq, türkdilli tayfaların şimaldan Azərbaycan ərazisinə hərəkəti kütləvi hal almışdır. Ən böyük məskunlaşma isə XII əsrdə baş vermişdir. Bu zaman gürcü çarı IV David qıpçaqların Qazax-Borcalı torpaqlarında yerləşdirilməsinə təşəbbüs göstərmişdir. Türk əsilli qıpçaq tayfaları şimali Qazaxıstan çöllərindən qərbə tərəf hərəkət edib, Dunay çayına qədər geniş ərazilərdə məskunlaşmışdılar. Qıpçaq knyazın qızı ilə evlənən gürcü çarı IV David 1118-20 illərdə Gürcüstanın sərhədlərinə 40 min qıpcaq ailəsini yerləşdirmişdir. Hər ailə çar qoşununa bir silahlı atlı verməli idi, eyni zamanda gürcü əhalisinin böyük bir hissəsi hərbi xidmətdən azad olunurdu. Belə yolla artmış hərbi potensial həm xarici düşmən ilə mübarizədə, həm də bəzi itaət etməyən feodallar ilə mübarizədə istifadə olunurdu.

Bu dövrdə bölgənin Gürcüstana tabe olmasına baxmayaraq, o türk məskəni sayılırdı. Demək olar ki, bütün orta əsr gürcü salnaməçiləri bu ərazini türklərin yaşadığı yer kimi təsvir edir və "Didi Türkoba" ("Böyük türk diyarı") adlandırırdılar. Bu diyarın türk keçmişini Kür çayından Qafqaz sıra dağlarına qədər olan toponimikası da təsdiq edir. Köçürülmüş qıpçaqlar arasında əksər hissəni qazax tayfaları təşkil edirdi, onların adından Qazax adı və Azərbaycan ərazisində digər başqa toponimlər irəli gəlmişdir. Türk dilli tayfaların şimaldan cənuba hərəkəti ilə eyni zamanda cənubdan şimala, yəni İrandan bu cür hərəkət mövcud idi. Xüsusi böyük "qara qoyunlu" tayfa dalğası XV əsrdə bura İrandan gəlmişdir.

Təqribən XV əsrin sonlarında Azərbaycanın şimal-qərbində qazax tayfalarının yaşadığı yerdə Qazax sultanlığı yaradılmışdır. Səfəvilərin dövründə Qazax sultanlığı Qarabağ (Gəncə) bəylərbəyliyinə daxil idi. Qazax sultanlığının hakimləri sultan titulu və irsi hakimiyyətə malik idilər. XVI əsrin 80-ci illərində Türk ordusunun təzyiqi ilə səfəvilər Azərbaycanı tərk etdikdə Bayat, Qaçaq, Qaramanlı və başqa tayfalardan fərli olaraq Qazaxlar öz ərazilərini tərk edib İrana getmədilər. Sultanlığın başçısı Nəzər xan türklərin hakimiyyətini qəbul etmiş və bununla da mahalın müstəqilliyini əldə saxlamışdır. İkinci dəfə Azərbaycan, o cümlədən Qazax mahalı yenidən səfəvilərin hakimiyyəti altına keçəndən sonra da Nəzər xan öz hakimiyyətində qalmışdır. Hətta onun xələfi Şəmsəddin xan 1605-ci ildə I Şah Abbasdan xan rütbəsi almışdır.

XVIII əsrin əvvəllərində Osmanlılar yenidən hücum edib Qazağı aldıqdan sonra Qazaxda inzibati ərazi bölgüsü aparmışlar. Belə ki, Qazax sancaq elan edilərək 4 nahiyəyə bölünmüşdür. Bunlar Axtata, İncə, Türk və Cuvar nahiyələri idi. Qazaxlıların könüllü surətdə osmanlıların tərəfinə keçməsi ilə əlaqədar Sultan III Əhmədin (1703-1730) Fərmanı ilə Qazax Sancaqbəyisi hələ səfəvilərin zamanında Qazax hakimi olmuş Mirəlibəy təyin olunmuşdur. 1728-ci ildə türklərin tərtib etdiyi "Dəftəri müfəssəli əyaləti Tiflis" dəftəri 1046 səhifədən ibarət olub, hazırda İstanbulda Başkanlıq arxivində saxlanılır. Bu dəftərin 63 səhifəsi Qazax sancaqlığına aiddir. Dəftərə görə Qazax sancaqlığında 205 kənd, 10 qışlaq və 5 köçəri tayfa qeydə alınmışdır.

Qazax sultanlığına 3 nəsil rəhbərlik etmişdir. 1-ci nəslə "Qazaxlı" və ya "Alqazaxlı" deyilən Şıxlinskilər aiddir. Osmanlı sultanı III Əhmədin dövründə qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə səfəvilər yenidən Qazaxı geri alarkən "Qazaxlı" tayfasını rəhbərlikdən azad etmiş, onların əvəzinə iranlı Sübhanverdi xan adlı sərkərdəni Qazaxa sultan təyin etmişlər. Bununla da sultanlığın 2-ci feodal sülaləsinə Sübhanverdi xan başçılıq etmişdir.

1736-cı ildə Səfəvilərin axırıncı hökmdarı olan Nadir feodalları toplamış və özünü şah elan etmişdir. Qarabağ (Gəncə) bəylərbəyinin hökmdarı Uğurlu xan Ziyad oğlu buna etiraz etmişdir. Bu səbəbdən Nadir şah taxta əyləşdikdən sonra xanının nüfuzunu zəiflətmək üçün Qazax, Şəmsəddil və Borçalını Qarabağ bəylərbəyinin tərkibindən çıxarmış və onları gürcü çarı Teymurazın tabeliyinə vermişdir. 1752-ci ildə Qazax sultanlığı II İraklini məğlub edən Şəki xanlığına birləşdirildi, lakin Şəki xanı Hacı Çələbinin vəfatından sonra sultanlıq yenidən II İraklinin vassallığına keçdi və ərazi Qazax-Şəmsəddil sultanatı adı ilə adlandırmağa başlanmışdır. II İraklinin fərmanı ilə 1774-cü ildə Qazax sultanlığına rəhbərliyə Salahlıda bəylik edən Kosa Mirzalı ağanın nəslindən olan Pənah bəy rəhbər (vəkil) təyin edilmişdir (bu tayfa sonralar Vəkilov familiyasını qəbul etmişdir). Bununla sultanlığın 3-cü feodal sülaləsinin hakimiyyəti başladı.

1795-ci ildə İran şahı olan Ağa Məhəmməd Qəcər şahın qoşunları Gürcüstana hücum edəndə, qazax azərbaycanlıları gürcülərin tərəfində çıxış etmiş və onlarla birlikdə zəhmli şahın qoşunu ilə cəsarətlə döyüşmüşdülər. 1801-ci ildə Qazax-Şəmsəddil sultanatı Gürcüstan ilə birgə Rusiyanın tərkibinə qoşulmuşdur. Qazax-Şəmsəddil sultanatı 1819-cı ildə ləğv olunmuş və onun ərazisi Qazax və Şəmsəddil distansiyalarına bölünmüşdür.

Bu məntəqələrin, və ya Rusiyaya birləşməzdən əvvəl adlandırıldıqları kimi, mahalların ali təbəqələri arasında iki dərəcə ayırd edilirdi: 1) ağalar (bu söz ilk dəfə olaraq Rusiya birləşdikdən sonra işlənilməyə başlamışdır ("ağa" monqol sözündən - cənab) və bəylər və 2) vəkillər və sultanlar. İdarəetməsində bir və ya bir neçə kəndi olan şəxs ağa və ya bəy adlandırılırdı. Kəndlərin idarə olunması və bu idarəetmədən əldə olunan mənfəətin istifadə olunması hakimiyyətə xidmət etməyə görə təqdim edilirdi, bununla yanaşı qohum hüququ müşahidə olunurdu, kəndlər, başlıca olaraq, əvvəllər məxsus olduğu şəxsin qohumuna verilirdi. Çox zaman kəndlərin idarəetməsi nəsildən nəslə verilirdi, lakin hər ötürmə çarın fərmanı ilə həyata keçirilirdi. Vəkillər və sultanlar ağalar arasından seçilirdi, lakin onlar daha böyük hakimiyyətə malik idilər. "Vəkil" ərəb dilindən tərcümədə "inanılmış", "səlahiyyətli" deməkdir. Vəkil çarın seçimi ilə bütün məntəqənin idarə olunması üçün təyin edilirdi. Vəkil və sultanların hüquqları onların şəxsi idarəetməsində olan kəndlər ilə birgə nəsildən nəslə keçirdi. 25 аprel 1841-ci ildə çıxmış çar fərmanına əsasən Qazax, Şəmsəddil və Borçalı ağaları kəndlərə malik olma hüquqlarını itirirdilər. Lakin yerli zadəganlığın etiraz və müqaviməti ilə üzləşərək, çar I Nikolay 6 dekabr 1846-cı ildə yeni qərar vermişdir. Ona əsasən ağalar və bəylərin torpaqlara və kəndlilərə olan hüquqları bərpa olunmuşdur.

1841-ci ilin inzibati islahatları nəticəsində Cənubi Qafqaz ərazisi Gürcü-Imeretiya quberniyası və Kaspi vilayətinə bölünmüşdür. Bu zaman Qazax distansiyasının ərazisi Yelizavetpol qəzasının tərkibində Gürcü-Imeretiya quberniyasına daxil edilmişdir. 1846-ci ildə keçirilən yeni islahat zamanı Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyaları yaradılmışdır. Qazax Tiflis quberniyasının tərkibində qalmışdır.

1867-ci il dekabrın 9-da yeni yaradılan Yelizavetpol quberniyasının tərkibində Qazax qəzası təşkil olunmuşdur. Qazax qəzasının ərazisi 5908 kv.km olaraq, indiki Tovuz, Ağstafa, Qazax rayonlarını və sovet dövründə Ermənistana verilmiş keçmiş Azərbaycan torpaqları olan Dilican dərəsi və Göyçə gölünə qədər əraziləri əhatə edirdi. 1897-ci ilə qəzanın əhalisi 112 min nəfərə çatmışdır. 1909-cu ildən qəza mərkəzi Qazax şəhər statusu almışdır.

1918-ci ildə Azərbaycan və Gürcüstan öz müstəqilliyi haqqında elan etmişlər. Bundan dərhal sonra iki ölkə arasında ərazi - sərhəd məsələləri müzakirə olunmuş və həll edilmişdir. Nəticədə Qazax qəzası Azərbaycanın, Borçalı qəzası isə Gürcüstanın tərkibində qalmışdir. 1918-1920 illərdə Qazax qəzası Yelizavetpol quberniyasının tərkibinə daxil idi. 1919-ci ildə Qazax qəzasının bir hissəsində yeni Tovuz qəzası yaradıldı.

İki il ömür sürən Azərbaycan Respublikası Rusiya təcavüzü nəticəsində süquta uğramışdır. 5 may 1920-ci ildə bolşevik XI Ordunun süvari hissələri Qazaxa daxil oldular. İstiladan az sonra keçmiş Qazax qəzasının ərazisi bolşeviklər tərəfindən bölünmüş və onun dağlıq hissəsi qanunsuz olaraq Ermənistana verilmişdir.

1930-cu ilin yeni inzibati bölgüsü nəticəsində qəzalar ləğv olundu və Azərbaycan ərazisi 63 rayona bölündü. Qazax qəzası Qazax rayonuna çevrilmişdir. 1939-cu ildə onun tərkibindən Ağstafa rayonu təşkil edilmişdir. 1959-cu ildə Qazax və Ağstafa rayonları birləşmiş, 1990-cı ildən isə Ağstafa rayonu yenidən ayrılmışdır. 1964-1965 illərdə Tovuz rayonu da Qazax rayonunun tərkibində olmuşdur. Beləliklə, Qazax rayonunu indiki inzibati sərhədlərdə 1990-cı ildən mövcuddur.

Sovet İttifaqının dağılması ilə Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalmışdır. Qarabağda hərbi əməliyyatlarla kifayətlənməyib, ermənilər Qazax rayonunun sərhəd kəndlərinə da hücum etmişdilər. 1990-cı ildə ermənilər Qazax rayonunun bir neçə kəndini işğal edib yandırmışlar. Erməni təcavüzkarların sonrakı irəliləməsi dayandırılmış, lakin bu kəndlər indiyə kimi də erməni işğalı altındadır.

Hal-hazırda Qazax Azərbaycanın dinamik inkişaf edən rayonlardan biridir.