Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Dilbaz atları

Azərbaycanın təbii-coğrafi şəraiti ilə əlaqədar olaraq burada minilliklər boyu atçılıq inkişaf edib. Dünyada məlum olan 160 at cinsindən ikisi – Qarabağ və Qazax (Dilbaz) cinsi bizim ölkəmizdə yaranıb.

Qazax atı Qazaxda formalaşan və Qərbi Azərbaycanda, qismən Ermənistan və Gürcüstan ərazisində yayılmış at cinsidir. Bu cins seleksiya yolu ilə tarixən inkişaf edən qədim Azərbaycan cinsidir. XVIII əsrə qədər cins öz təmizliyini saxlamış, XVIII əsrdən sonra isə yerli Qazax atı Ərəb atları ilə çarpazlaşmışdır. Sonralar cinsin yaxşılaşdırılması üçün Qarabağ atından da istifadə olunmuşdur. Qazax at cinsinin adı zaman keçdiksə bir neçə dəfə dəyişib, ona  "Dəliboz", "Diliboz", "Dilboz",  “Dilbaz” da deyirlər.

Atçılığın inkişafında Qazaxın Xanlıqlar kəndində olan tanınmış Dilbazlar nəsli, habelə, Allahyar bəy Zülqədərli və onun sülalənin nümayəndələri böyük rol oynamışdır. Dilbazlar nəslin nümayəndələri 300 ildən artıq Qazax atının cinsləşməsinə qayğı göstərmiş və ona öz adını vermişdir. 1867-ci ildə Ümumrusiya At Sərgisində Dilbaz bəylərinə məxsus Uzelok ləqəbli at yüksək mükafat almışdır. XIX əsrin ortalarında Qazax qəzasında atların sayı 25 minə çatırdı. Lakin birinci və ikinci dünya müharibələri zamanı atların cəbhəyə cəlb edilməsi, atların sayının kəskin azalmasına səbəb olmuşdur.

Dilbaz atı idmanda, minikdə, yükdə və yüngül qoşquda istifadə olunur. Dözümlüyü və dağlıq şəraitində minik üçün möhkəm olması ilə səciyyələnir. Dözümlüyü etibarilə hətta Qarabağ atlarından da üstündür. Rəngi boz, ağ, xallı, bəzən isə kəhər olur. Qazax atları saatda 7-8 km yol qət edir. Bu at cinsi bir gündə belində 115-130 kq yük ilə 45-55 km, idmançı ilə isə 70 km yol qət etmək bacarığına malikdir. Ən yüksək yarış göstəriciləri 1600 metrlik məsafə üçün 1 dəqiqə 56 saniyə və 2400 metrlik məsafə üçün 2 dəqiqə 55 saniyədir.

Cinsin yüksək keyfiyyətləri cıdırda da özünü göstərmişdir. Bakı ippodromunda 1940-2000 illərdə keçirilən qaçışlarda Dilboz atları daim yüksək yerlər tuturdular. 1962-1990 illərdə Dilbaz atları Ümumittifaq yarışlarda 39 dəfə iştirak etmiş və səkkiz dəfə birinci yerə layiq görülmüşdülər, 36 dəfə isə müxtəlif attestatlar almışlar.

Hal hazırda Dilbaz atları Azərbaycanın qərb və şimal rayonlarında, İranın şimalında, Gürcüstanda və Dağıstanda yayılıb. Cinsin ən yaxşı nümayəndələri Ağstafa “Dilbaz” və Şəki “Daşüz” atcılıq təsərrüfatlarında saxlanılır. Dilbaz atlarının qorunması və inkişafı vacib məsələlərdən biridir, çünki onlar Azərbaycanın milli sərvətidir.

Kim minir Qazaxın Dilbaz atını,
O, alır toyların şal-xalatını,
Şeirin, sənətin mükafatını,
Hər zaman, hər yerdə aldı bu yerlər!

Osman Sarıvəllı

Min Qazaxda köhlən ata,
Yalmanına yata-yata,
At qan-tərə bata-bata,
Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göy-gölə bax!

Səməd Vurğun