Bu yerə Yeddi daş da deyirlər. Yeddi qardaş arxeoloji
abidəsi Dəmirçilər kəndinin
cənub-qərbində, Qapaqlı dərə məhəlləsinin qurtaracağındadır.
Bir-birinə sığınmış daşlardır. Deyilənə görə, vaxtilə yeddi
bütöv daş olub. İkisi sonralar parçalanıb. İnsanlar buraya
ziyarətə gələr, şam yandırıb daşların üstünə qoyar və niyyət
edərlər. Qurban kəsənlər də olur. Tədqiqatlara görə bu
arxeoloji abidənin tarixi erkən Dəmir dövrünə təsadüf
olunur.
Bura ilə bağlı maraqlı
əfsanə var. Çox qədim zamanlarda buraya düşmənlər hücum
etməyə hazırlaşır. Xəbər tutan camaat gecə-gündüz kəndin
yuxarı başında yeddi-yeddi keşik çəkməyə başlayırlar. Növbə
kənddə yaşayan yeddi qardaşa çatır. Onlar növbədə ikən
düşmənlərin mühasirəsinə düşürlər. Allaha dua edirlər ki,
düşmənin əlinə keçməsinlər. Bu duadan sonra göydən ildırım
çaxır, yağış yağır. Səs-küyə camaat oyanır, kəndi müdafiə
edir, qardaşlar isə daşa dönür. O vaxtdan bu yer pir olub. |
 |