Avey - Gürcüstan ilə Qazax rayonu arasında yerləşən
Kiçik Qafkaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ
silsiləsidir. Daş Salahlı kəndindən 12 km aralıqdadır.
Buralarda hələ paleolit dövrünə aid insan fəaliyyətinin
izləri var. İbtidai görkəmli qayadaca çapılan məbədlər, 30-a
qədər süni mağara aşkar edilmişdir. Dağın başında qədim
alban məbədi var. Cəbhə xəttinə yaxın olduğundan zirvəsinə
hazırda giriş məhduddur. Avey sözünün özü də təxmin
etməyə imkan verir ki, albanların Ay məbədi burada olub.
Toponim Ay evi kimi açıqlanır - Avey-Ayev. Ümumən türklərdə
Aya sitayiş qədim dövrlərdən bəri geniş yayılıb. Qədim
türklərdə "Ay Tənqri" (Ay Allahı) ifadəsi olub. Avey dağının
özündə və ətrafında abidələr çoxdur. Təsadüfi deyil ki,
respublika hökumətinin 22 fevral 1989-cı il tarixli qərarı
ilə Avey dövlət tarix-mədəniyyət qoruğu yaradılmışdır.
|
 |