Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Qazax Cümə məscidi

Bir vaxtlar Qazax şəhərində məscid çox olub, hər məhəllənin öz ibadət yeri olub. Lakin zamanəmizə yalnız biri gəlib çatıb. Şəhərin mərkəzi hissəsində yerləşən Cümə məscidi 1899-ci ildə Kəsəmən kəndindən olan İsrafil ağa Kərbəlayevin  təşəbbüsü ilə memar Müzəffər Hüseynovun layihəsi əsasında inşa edilib. Qırmızı bişmiş kərpicdən ucaldılan məscid 17,2 m x 17,2 m ölçülü kvadrat quruluşlu zaldan ibarətdir. Sivri tağlar ilə yaranan səkkizbucaqlı formanın üzərində daxili diametri 13,4 m olan günbəz inşa edilmişdir. Məscidin ümumi hündürlüyü 15 m, divarların qalınlığı isə 1,9 m-dir. Məscidin giriş hissəsini baştağ bəzəyir. Baş fasadın hər iki tərəfindən qoşa minarələr ucalır.

Sovet hakimiyyəti dövründə məscid öz fəaliyyətini dayandırılmışdır və yalnız 1990-cı ildən yenidən ibadət yeri kimi fəaliyyətə başlamışdır. Bu Allah evi özünün əzəməti, yaraşıqlı minarələri, həyətindəki köməkçi binaları ilə diqqəti cəlb edir.