Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Didivan (Dədəban) qalası

Qala Qazax şəhərindən 5 km aralı, Xanlıqlar kəndinin qərbindəki Dədəban dağının döşündə yerləşir. İrəvandan Qazağa səmtlənən qədim karvan yolun qırağındadır.

Xalq arasında qalaya Koroğlu qalası da deyilir. Adını müxtəlif cür desələr, ayrı-ayrı mənalandırsalar da, Dədəban - dədə evi kimi izahı daha inandırıcıdır. Başqa fərziyyəyə görə "Didi" fars sözü olub və mənası "göz" deməkdir, "van" isə məskən, məntəqə mənasındadır. Gözətçi məntəqəsi mənasını verir.

Planda qala dairə şəkilindədir. İri qaya parçalarından örülmüş qalanın hündürlüyü 8,3 metr, diametri isə 5,9 metrdir. Divarların eni aşağıda 1 metr, yuxarıda - 0,5 metrdir. Qalanın iç hissəsi boşdur. Lakin divarların bəzi yerlərində mərtəbələrin örtüyünü təşkil etmiş taxtalar üçün oyuqlar qalmışdır. Güman edilir ki, qala təxminən VI-VII əsrlərdə inşa olunub. XX əsrin ortalarınadək bura ziyarətgah olub. Dəlican yolu tərəfə istiqamətlənən müşahidə dəlikləri tikintinin məhz müşahidə, gözətçi qalası olduğunu sübut edir. Analoji müşahidə qalaları Coqaz çayın sahilində və Cəfərli kəndin yaxınlığında da var.