Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Göyəzən dağı

Göyəzən dağı Qazağın rəmzi sayılır. O, mərkəzdən 20 km aralıda, Coğaz çayından 2 km solda yerləşir. Nadir geoloji təbiət abidəsi vulkan püskürməsi nəticəsində yaranıb.  Təkdir və heç bir dağa bitişik deyil. Hündürlüyü 250 metr olsa da, qazaxlılar buranı "dünyanın mərkəzi" hesab edirlər. Dibində və ətəyində iri və qədim yaşayış yerin, yeddibürclü qalanın qalıqları görünür. Gövdəsində ilkin insanın məskəni sayılan mağara-otaqlar var. Zirvəsi nisbətən yastıdır. Deyilənə görə qədimdə bayramlarda və düşmən təhlükəsi olanda dağın zirvəsində tonqal qalanarmış. Göyəzən  toponimlə bağlı müxtəlif rəvayətlər və yozmazlar var. Lakin ən inandırıcı izahat "göylərə baş vuran", "göy əzən" yozmasıdır.

 

 

 

Göylərə baş çəkir Göyəzən dağı
Axşamlar bağlı olur ayin qabağı.
Səməd Vurğun

1947-ci ilin payızında Səməd Vurğunla Mirzə İbrahimov Daş salahlı kəndində ova gedirlər. Dan ağarmamışdan yola düşən ovçular Avey dağının sıldırımlığına çatanda, artıq üfüqlər açılır. Kürdən başlayıb başıqarlı dağların ətəklərinə qədər uzanıb gedən çöllərə, tarlalara, heyranlıqla tamaşa edirlər. Təbiətin əsrarəngiz gözəlliklərindən və göylərə baş çəkən Göyəzəndən doymayan Səməd Vurğun:
- Ayə, ora bax, ora bax, Göyəzən dağı! – deyə fəxrlə, sevinclə qələm dostuna dağı göstərir.
Mirzə İbrahimov deyir:
- Ay Səməd şeirində “Göyəzən dağı” oxuyanda elə bilmişdim ki, Şahdağından, Elburusdan ucadır. Bu ki, təpə imiş...
Səməd Vurğun dərhal hazırcavablıqla deyir:
- Ayə, mənim böyüklüyüm ondadır ki, təpəni dağ kimi tərənnüm edirəm... Sən dağı təpə eləyənlərdən qorx...