Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Göy türbə (Hacı Mahmud əfəndinin ocağı)

Türbə Aslanbəyli kəndinin qədim qəbiristanlığında, İncə çayı boyunca uzanan el yolunun solundadır. Gəncə-Qazax, Borcalı ellərində, Dağıstanda, Türkiyədə tanınan bir ziyarətgahdır. Geniş və möhkəm hasarın içərisində yerləşən dördkünc türbə 1893-cü ildə ucaldılıb. Tikilinin bəzi elementləri göy rənglə boyandığından xalq arasında ona bəzən Göy türbə də deyirlər. Türbədə öz savadı və xeyirxahlığı ilə bütün bölgənin rəğbətini qazanan Hacı Mahmud əfəndi Qaraninin (1835-1896) və onun məsləkdaşı Seyid Yasinin məzarları yerləşir.

Yaxın dostu və məsləkdaşı olan Seyid Yasinin 1892 ildə vəfatından sonra Hacı Mahmud əfəndi onun məzarı üstündə türbə ucaldır. Üç il sonra özü də vəsiyyəti ilə orada dəfn edilir. Deyilənə görə türbənin layihəsini Hacı Mahmud əfəndi Türkiyədən gətiribmiş. Tikintini İncə dərəsinin və Borçalının ən məşhur ustaları yetiribmiş. İnşaya rəhbərliyi Hacının kürəkəni Daşsalahlı Mustafa bəy Miralayev edibmiş. Türbə müqəddəs sayılır və,  hətta sovet hakimiyyəti dövründə qoyulan qadağalara baxmayaraq, indiyə qədər bütün illər uzaq və yaxın ellərdən gələn adamlar tərəfindən ziyarət olunur.