Memarlıq abidələrimizin tacı hesab olunan Qırmızı körpü
Qazax-Tbilisi yolunda, Xram (Təpədöy) çayı üzərində qurulub.
Hal-hazırda Gürcüstanla Azərbaycan arasında olan dövlət
sərhədi məhz burdan keçir. Abidə XII əsrdə Atabəy hökmdarı Məhəmməd Cahan Pəhləvan
zamanında tikilib. Dörd aşırımlı (aşırımların uzunluğu - 8,2 m, 16,1 m, 8 m, 26,1 m) körpünün ümumi uzunluğu 175 metrdir.
Sahildə eni 12,4 m, keçid hissədə isə 4,3 m. Başdan-başa
bişmiş kərpiclə üzləşmiş abidə buna görə də "Qırmızı körpü"
adını alıb. Sahil dayaqlarında vaxtilə karvanların
gecələməsi üçün geniş otaqlar var (sol sahilində 168 kv.m,
sağ sahilində 116 kv.m). Belə iri karvansaların olması
körpünün karvan yollarında böyük əhəmiyyət daşıdığını
göstərir. Qırmızı körpü üslub cəhətdən qədim Gəncə,
Xudafərin, Marağa və Ərdəbil körpüləri ilə eyniyyət təşkil
edir. XVII əsrdə Şax Abbas tərəfindən əsaslı təmir etdirilib
və bəzədilib.
Xalq arasında bu körpüyə Sınıq körpü də deyilir. Lakin
Qırmızı körpüdən daha qədim olan tarixi Sınıq körpü çay
axarı ilə 100 metrə aralıda yerləşirdi. Gümana görə o Qafqaz
Albaniyası dövründə (V əsr) inşa edilib. Tikiləndən uzun
illər sonra körpünün tacı, daş çatmasının biri sınır. O
vaxtdan adı Sınıq körpü qalıb. Zaman içərisində dağılan
körpünün qalıqları indi də bilinir. Yaxınlıqdakı məşhur
Qırmızı körpü ilə birlikdə ikisinə Qoşa körpü adını
veriblər. |

|