Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Sarvantəpə qədim yaşayış məskəni

Qazaxın Çaylı kəndində son tunc, ilk dəmir dövrünə aid olan qədim yaşayış məskəni aşkar edilmişdir. 2009-ci ildə Sarvantəpə adlanan ərazidə 1,5 hektarlıq tədqiqat sahəsinin 125 kv. metrində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Şamil Nəcəfov tərəfindən qazıntılar aparılmışdır. Arxeoloji qazıntılar zamanı çıxarılan son tunc, ilk dəmir dövrünə xarakterik çiy kərpicdən və çay daşlarından inşa edilən tikili qalıqları, təsərrüfat küpləri, quyular, müxtəlif saxsı qablar, bəzək əşyaları, möhürlər, daş alətlər eramızdan əvvəl II minilliyin sonu I minilliyə aid edilir. Arxeoloqlar tapıntıların aşkar edildiyi ərazidə maldarlıq və əkinçiliyin geniş yayıldığını bildirir. Tapılan əşyalar belə deməyə əsas verir ki, burada həyat tərzi yüksək səviyyədə inkişaf edib.

Arxeoloji ekspedisiyanın rəhbəri Şamil Nəcəfov dediyinə görə, Gəncə-Qazax zonası son tunc ilk dəmir dövrünə aid abidələrlə zəngindir. E.ə II minilliyin sonu, I minilliyin əvvəlinə aid bu zona üçün xas olan Xocalı-Gədəbəy qəbir abidələri yaşayış yerlərinə nisbətən daha çox öyrənilib. Qəbir abidələri həmin dövrün insanlarının dini dünya görüşləri, sənətkarlığı haqqında xeyli zəngin məlumatlar verir. Amma yaşayış yerlərinin qazıntısı zəif aparılıb. Sarvantəpədə aparılan qazıntı işləri və gələcəkdə bu zonada aparılacaq qazıntılar daha dolğun məlumatların üzə çıxmasına imkan yaradacaq.

Sarvantəpə ərazisindən götürülən maddi mədəniyyət nümunələrinin bəziləri Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyinə, bəzilərinin üzərində tədqiqat işləri aparmaq üçün arxeoloji fonda göndərilmişdir.