Qazax bölgəsində bir neçə
türbə var. Bu türbələrə I və II Şıxlı, Xanlıqlar və
Hüseynbəyli kəndlərindəki köhnə qəbiristanlıqlarında rast
gəlmək olur. Memarlıq üslubu və inşaat xüsusiyyətlərinə görə
onlar bir-birinə bənzəyirlər. Türbələr, bir qayda olaraq,
dörd və ya altı guşəlidirlər. Onların üstü konusvari
günbəzlə tamamlanır. İnşaat materialı kimi yerli daşdan
istifadə olunmuşdur. Yalnız Xanlıqlar kəndindəki türbələr
qırmızı kərpicdən inşa edilmişlər. Ümumi oxşarlığa
baxmayaraq türbələr müxtəlif ölçülü və biçimlidirlər.
Onların bəzilərinin içində qırmızı tufdan hazırlanmış oyma
bəzəkli hündür başdaşları olan qəbirlər vardır. Bu türbələr
XVIII-XIX əsrlərdə ucaldılmışdır. Ümumi memarlıq üslubunda
işlənmiş bu türbələr Qazax bölgəsində vahid estetik və
memarlıq-inşaat qaydalarının mövcudluğundan xəbər verir.
|
 |