Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Doğma yurd haqqında şerlər

  Səməd Vurğun

Yadıma düşdü

 

Başına döndüyüm gül üzlü sona!
Ömrümün ilk çağı yadıma düşdü.
Şairlər vətəni, bizim tərəflər,
Tərlanın oylağı yadıma düşdü.

Oxuyun qəlbimi dastan içində,
Ürək döyünməzmi astan içində?
Payızın fəslində bostan içində
Şamamanın tağı yadıma düşdü.

Töküldü kağıza sinəmin sözü,
O ana yurdumun ocağı, közü
Ceyranın duruşu, durnanın gözü
Kəkliyin ayağı yadıma düşdü.

Hanı at sürdüyüm boranda, qarda?
Gəzdim aşıq kimi min bir diyarda,
Gülüb oynadığım toyda, mağarda,
Qızların qolbağı yadıma düşdü.

Göylərə baş çəkir Göyəzən dağı
Axşamlar açıq olur ayin qabağı.
Bizim gəlinlərin bayram qabağı
Fəsəli yaymağı yadıma düşdü.

Sən bizim ellərin ruhuna bir bax!
Bizdən inciməmiş bir əziz qonaq.
Nişanlı qızların görüşdən qabaq
Telini saymağı yadıma düşdü.

Vurğunun xəyalı gəzdi aranı,
Gözümdə oynadı dağın boranı:
Qışın buz qatığı, yayın ayranı,
Payızın qaymağı yadıma düşdü.

 

  Səməd Vurğun

Dağlar

 

Binələri çadır- çadır
Çox gəzmişəm özüm, dağlar!
Qüdrətini sizdən aldı
Mənim sazım, sözüm, dağlar!

Maral gəzər asta – asta,
Enib gələr çeşmə üstə.
Gözüm yolda, könlüm səsdə,
Deyin, necə dözüm, dağlar?

Hər obanın bir yaylağı,
Hər tərlanın öz oylağı;
Dolaylarda bahar çağı:
Bir doyunca gəzim, dağlar!

Qayaları baş – başadır,
Güneyləri tamaşadır.
Gödək ömrü çox yaşadır,
Canım dağlar, gözüm dağlar!

Bir qonağam bu dünyada,
Bir gün ömrüm gedər bada;
Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar

 

 

Barat Vüsal

Qazax yetirir

 

Bu torpağın mayasında nə varsa
Bilirsənmi nə insanlar yetirir.
Düşməninə qan udduran oğullar,
Dost-yoldaşa mehribanlar yetirir.

Haqdan gələn haqqı-sayı itirməz
Bir məclisi sazsız-sözsüz ötüşməz.
Elə-belə adamları yetişməz,
Ya dahilər, ya azmanlar yetirir.

Tarixlərdə övladların duyulub,
Ürəklərdə heykəlləri qoyulub.
Şan-şöhrəti bu dünyada yayılıb,
Top allahı komandanlar yetirir.

Vurğun kimi şairlərə anadır,
Ramiz kimi pəhləvanlar yetirir.
Bu torpağın mayasında nə varsa
Bilirsənmi nə insanlar yetirir.

 

 

Afət Telmanqızı

Qazağım

 

Qoynunda yaşa dolmuşam,
Hüsnünə heyran olmuşam.
Mən səndən ilham almışam,
Qazax - ərənlər diyarım,
Sınmaz qürurum – vüqarım.

Oğuzlardan gəlir soyum,
Cəngiylə başlayır toyum,
Başımı köksümə qoyum,
Qazax - ərənlər diyarım,
Sınmaz qürurum – vüqarım.

Göyəzənin göyləri əzər,
Damcılı göz yaşı süzər,
Sonalar canlar üzər,
Qazax - ərənlər diyarım,
Sınmaz qürurum – vüqarım.

Yağılara göz dağısan,
Vətəninin dayağısan,
Qəhrəmanlar ocağısan,
Qazax - ərənlər diyarım,
Sınmaz qürurum – vüqarım.

Övladların şair təbli,
Gülər üzlü, incə qəlbli,
Məğrur, mətin, dəyanətli,
Qazax - ərənlər diyarım,
Sınmaz qürurum – vüqarım.

Yaraşıqsan başdan-başa,
Nur, işıqsan başdan-başa,
Dünya durduqca sən yaşa,
Qazax - ərənlər diyarım,
Sınmaz qürurum – vüqarım.

   
 

Gözəl Qazağım

 

Suları incidir, torpağı gövhər,
Əgər inanmasan – gəl eylə səfər.
Şehli gül-çiçəyi dər səhər-səhər,
Havası yüz dərdə dərman Qazağım.

Osman köç elədi, ruhu əmanət,
Hüseyni, Səmədi elə ziyarət.
Qara saz çalsın Aşıq Ədalət,
Kərəmə, Dilqəmə yanan Qazağım.

Burada körpənin də sinəsi sözdür
Həm oğlu, həm qızı ilqara düzdü.
Qadını Tomrisdi, kişisi Ömrüzdü
Ulular vətəni, ulu Qazağım.

Şairlər vətəni, o gözəl elin,
Hər evi qonaqlı, ləhcəsi şirin.
İgid İsrafilin, Qaçaq Kərəmin
Məkkə, Mədinəsi, Şamı Qazağım.

Bir yanı Dağ Kəsəmən, bir yanı Şıxlı,
Salahlı, Ağköynək nurlu, işıqlı,
Çaylı, Daş Salahlı çox yaraşıqlı,
Toy-nişanı sazlı-sözlü Qazağım.

Damcılı, Didəvan, Göyəzən dağı
Gələnə keçmişdən verər sorağı.
Yayda sərin olur Bayram bulağı,
Qışı da bahar tək qarlı Qazağım.

Dilboz atını min, bir Aveya qalx,
Əl-əlvan çiçəkdən sən çələng gör, tax.
İncə dərəsinə, Cəfərliyə bax,
Düşmən qarşısına sipər Qazağım.

Təbriz də, Dərbənd də öz doğma elim,
Şirvan, Qarabağım ağızda dilim.
Olsa cənnət Bakım - canım, ciyərim,
Hər yerdən əzizdir mənə Qazağım.
Hər yerdən əzizdir mənə Qazağım.

 

  Elbris Qəmgin

Qazaxdadır

 

Hər zaman ölməyə hazır fanatik,
Allaha ən yaxın qul Qazaxdadir.
Böyüyün, kiçiyin yerini bilmək
Ağsaqqala hörmət, yol Qazaxdadır.

Şairlər vətəni, aşıqlar yurdu
Düşməni ağladan basılmaz oldu
İgidin igidi, insanın mərdi
Oğuz eli kimi el Qazaxdadır.

Uça qarların zirvəsi qarlı,
Bağları ərikli, heyvalı, narlı.
Qoca palıd ilə uca çinarlı,
Ceyranlı, cüyürlü çöl Qazaxdadır.

Gözəllərin ən gözəli baş tacı
Minlərə aşiqin axır əlacı
Etibarlı qardaş, istəkli bacı
Filləri bal kimi dil Qazaxdadir.

Axtarma dünyanı, gəzmə havayı,
Dəlilikdə yeganədir Kür çayı,
Nə oxşarı vardır, nə də ki tayı,
Ən ətirli çiçək, gül Qazaxdadır.

Sədaqət göstərən qonağa, dosta,
Toyda məğrur olar, əyilməz yasda
Bu çətin zamanda, bu basabasda
Ən qoçaq camaat bil Qazaxdadır.

Heç nəyi kəsməyib bu yerdən fələk
Oğulları igid, qızları mələk,
Qəmginin ürəyi millətə gərək
İnildəyən mizrab, tel Qazaxdadır.

 

 

Mirvarid Dilbazi

Daş Salahlıda

 

Dağların başına çökəndə duman,
Ürəyim həsrətlə döyünür yaman.
Keçir xəyalımdan hey zaman-zaman:
Mən nələr görmüşəm Daş Salahlıda!

Keçibdir günlərim çöldə, çəməndə
Evə qayıtmışam gün əyiləndə.
Meh çiçək ətrini yayanda kəndə
Güllər olub həşəm Daş Salahlıda.

Damıb qayalardan üstümə sular,
Qışda saçlarımda buz bağlayıb qar,
Yazda çiçək səpib başıma bahar,
Göyərib bitmişəm Daş Salahlıda.

Gözəl çəmənlərim, gözəl düzlərin,
Qalıb üstündə ayaq izlərim!
Sizdən işığını alıb gözlərim!
Galım - əhd etmişəm – Daş Salahlıda.

 
 

Xalid Giyasbəyli

Qazağım

 

Yenə gəldim ağuşunda dincəlim,
atam-anam, ağ bircəkli Qazağım,
neçə-neçə oğlun səndən ayrılıb,
ağlamazsan, dağ ürəkli Qazağım.

Mən qurbanam doloyuna-düzünə,
billur bulağların durna gözünə,
dağlarında lalələrin közünə,
yasəmənli, gül-çiçəkli Qazağım.

Yaşılbaş sona tək qonubsan Kürə,
az qalır camalın Kürü öldürə,
qoyma onu sən hönkürə-hönkürə -
rəhmin gəlsin, ey kələkli Qazağım!

İgitlər süd əmib sənin döşünnən,
Vurğun ilham alıb nəvazişinnən,
namərdi tərlan tək didər dişinnən
mərd dostlarla duz-çörəkli Qazağım.

Üzülübdür torpağınnan ayağım,
aman vermir dönük zaman - o yağım,
dar günümdə yenə sənsən dayağım,
pələng qəlbli, şir biləkli Qazağım!

Xalidin qəlbində olsa da kədər,
əməli-əməyi getmədi hədər.
Azərbayçan sənə pərəstiş edər,
elin yaraşığı, şəkli Qazağım!