Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Tarixi fotolar

1918-ci ildə Qazaxdan Bakıya, Qarabağa, Naxçıvana kimi 2 il döyüş yolu keçmiş Cümhuriyyət əsgəri Ağqırax Məmməd oğlunun xatirələrindən: “Türklər Qazaxa Cəmil Cahid bəyin komandanlığında girdilər. Onda mənim 21 yaşım vardı. Gürcülərlə hər gün döyüş gedirdi. Hələ ermənilər də yaylağa çıxmış elimizə silahlı hücumlar edirdilər. Qorxu içində olan xalq türk ordusunu böyük sevinc hissi ilə qarşıladı. Qısa bir zamanda ordu toplamağa başladılar. Bizim kəndə bir çavuş və 3 əsgər gəlmişdi. 20 nəfərə yaxın gənc könüllü orduya yazıldıq. Çavuş Əhməd və əsgərlər bizə 7 gün təlim keçdilər. Çavuş Əhməd iri gövdəli, burmabığ bir pəhləvan idi. Üzü gülməyən, çox sərt insan idi, təlimdə səhv nəticə göstərərkən, bizə həmin tapşırığı 10 dəfə təkrar etdirərdi. Hər bir hərbi termini əzbərlədərdi. 7 gündən sonra bizi Qazaxdakı qərargaha gətirdilər. Daş Salahlıdan, İncə dərəsindən, Şıxlıdan çoxlu tanıdığım əsgərlər vardı. Bizi türk əsgərləri ilə birgə Gəncəyə gətirərək, oradan birbaşa döyüşən orduya göndərdilər. İsti yay günlərində ağır döyüşlər gedirdi. Ərzaq çatsa da, içməli su problemi yaşayırdıq. Sursat azlığından qəfil hücumlara üstünlük verilirdi. Hər gün 15-20 bəzən də 30 km irəliləyirdik. Ordu hücuma keçən zaman itkilər böyük olurdu. Komplektləşmə səngərdəcə aparılırdı. Bəzən yeni döyüş planları hazırlanana kimi 1-2 gün istirahət verilirdi. Bu istirahət günlərində də təlimlər keçərdik. Sonra isə möhtəşəm əsgər marşları oxuyaraq dəstələr halında sıra keçidləri edərdik. Ömrümün sonunadək unutmayacağım həmin marşları oxuyarkən indi də gözlərim yaşarır”.

Qafqaz-İslam ordusunun hərbi birləşmələri Qazaxın Yuxarı Salahlı kəndindən keçərkən. Kənd camaatı xilaskar ordunu böyük həvəslə salamlayır. (Qazax, 1918).

* * * * *

1921-ci ildə Azərbaycandan Türkiyənin Amasiya bölgəsinə gedən və burada yerləşən Qaraağac kəndində yaşayan yerli türk əhalisini yunan birləşmələrinin hücumlarından qoruyan Qazax könüllüləri. (Türkiyə, 1944). (Qeyd. Yasin bəy və Nəsib bəy Miralayevlər nənəmin qardaşlarıdır - Faiq Nəsibov)

1. Təzə Mahmut Azari - Yuxarı Salahlı.
2. Qara - Yuxarı Salahlı.
3. Şahvələt Kazak - Yuxarı Salahlı.
4. Qubadan olan könüllü
5. Topal İlyas - Daş Salahlı.
6. Mədət bəy Anaxlı - Yuxarı Salahlı.
7. Knyaz bəy - Şıxlı.
8. Yasin bəy Miralayev - Daş Salahlı

9. Pənah bəy Vəkilov - Yuxarı Salahlı.
10. Nasib bəy Miralayev - Daş Salahlı.
11. İbrahim Əfəndi - Qaymaqlı.
12. Nəcəfoğlu - Qaymaqlı.
13. Alı bəy Şıxlınski - Birinci Şıxlı.
14. Kazım bəy Şıxlınski - Birinci Şıxlı.
15. Məhəmməd bəy Annaxlı - Yuxarı Salahlı.
16. Hüseyn bəy - Yuxarı Salahlı.

,

* * * * *

Qazax seminariyası, 1922. Birinci cərgədə soldan: Mirqasım Əfəndiyev (1902-1992), Məhəd Abbasov, Aslan Əfəndiyev, Abbasəli Rəsulov, Mehdixan Vəkilov (Səməd Vurğunun qardaşı, 1902-1975), Həsən Rəsulov, Şəmistan Hüseynov (1902-1952), Səməd Vəkilov (xalq şairi Səməd Vurğun, 1906-1956). Orta cərgədə müəllimlər soldan: Mahmud Yolçiyev, İbrahim əfəndi Qayıbov (1874-1948), Mirzə Mehdi Vəlizadə (1869-?), Alay bəy Şıxlinski (1883-1934), Əli əfəndi Hüseynov (1886-1940), Yüsif Əfəndiyev (1887-1934), Suleyman bəy Qyaıbov (1863-1932), Əhməd Gülməmmədov (1872-1938) və başqaları.

* * * * *

Əliağa Şıxlinski (1865-1943) - artilleriya generalı, I Dünya Müharibəsi iştirakçısı. 1905-ci ildə Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə "Qızıl qılınc"la mükafatlandırılmışdı. Azərbaycan Demokratik Respublikası dövründə hərbi nazirin müavini təyin edilmiş və milli ordunun təşkil olunmasında iştirak etmişdir. Qeyri-adi istedadına görə onu “artilleriyanın Allahı” adlandırırdılar. Əliağa Şıxlınskinin kəşf etdiyi "Şıxlinski üçbucağı" deyilən üsuldan bütün dünyada yararlanıblar. Bu görünməyən hədəfi top atəşiylə vurmaq üsuludu və kəşf indi də müasir hərbdə işlədilir.

* * * * *

Nigar Şixlinskaya (1878 - 1931) ilk azərbaycanlı şəfqət bacısıdır.

Şıxlinskaya Nigar Hüseyn Əfəndi qızı 1878-ci ildə anadan olmuşdur. Tiflisdə Zaqafqaziya Qızlar İnstitunu bitirən (1889) ilk ali təhsilli azərbaycanlı qadındır. Rus, fransız, ərəb, fars dillərini mükəmməl bilirdi.

46 yaşlı yaraşıqlı zabit Əliağa Şıxlinski ilə rastlaşan Nigar xanım ilk baxışdan ona aşiq olmuşdur. Onların hissləri qarşılıqlı idi və 1909-cu il 27 oktyabr tarixində toyları olmuşdur.

General Ə.Şıxlinskinin həyat yoldaşı kimi Nigar xanım 1914-18-ci illərdə zabit arvadlarının yaratdığı "Qırmızı xaç" adlı hərbi xəstəxanaya başçılıq edən komitənin sədri seçilmişdir. Bununla yanaşı Nigar xanım bütün zamanını hospitalda keçirir, yaralılara kömək olaraq, onların qohumlarına rus, tatar və qazax dillərində məktublar yazırdı. 1920-ci ilin martın 10-da Azərbaycan Demokratik Respublikasının Müdafiə Naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə təsis edilən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də ilk sədri məhz Nigar Şıxlinskaya olmuşdur.

Nigar Şıxlinskaya 15 avqust 1931-ci ildə Bakıda vəfat etmişdir. Əliağa Şıxlinski öz xatirələrində yazmışdır: "Mənim həyatımın ən xoşbəxt anları Nigar xanımla birlikdə keçirdiyim 22 il olmuşdur".

Əliağa Şıxlinski və xanımı Nigar Şıxlinskaya.

* * * * *

Fərrux ağa Qayıbov (1891-1916) - ilk azərbaycanlı hərbi pilot, "İlya Muromets №16" adlı bombardumançının heyət üzvü, I Dünya Müharibəsi iştirakçısı. 1916-cı il sentyabrın 12-də hava savaşında igidliklə həlak olmuş poruçik Fərrux ağa Qayıbov öz heyəti ilə dörd alman aeroplanına qarşı vuruşmuşdur. Onlar üç təyyarəni yandırdıqdan sonra, düşmən ərazisinə düşərək həlak olmuşlar.

Qazax şəhərində poruçik Fərrux ağa Qayıbovun şərəfinə qoyulmuş təyyarə monumenti (1973).
1971-ci ildə aviasiya marşalı Pavel Kutaxov Qazax-Tovuz bölgəsindən SSRİ Ali Sovetinə deputat seçilib. Bir il sonra seçiciləri ilə görüşə gələn marşala Qazax ağsaqqalları, ziyalıları deyiblər ki, Birinci Dünya müharibəsində təyyarəçi həmyerlimiz Fərrux ağa Qayıbov igidliklə həlak olub. Marşal inanmayıb. Ona sənəd, şəkil tapıb, sübut eləyə bilməyiblər. Onda marşal deyib ki, Moskvaya qayıdanda arxivi yoxlatdıracağam. Əgər doğrudan da sizin həmyerliniz təyyarəçi olubsa, söz verirəm ki, ona bir heykəl, bir nişangah qoyduracağam. Arxivi yoxlatdırıb-dəqiqləşdirəndən sonra, marşal Pavel Kutaxov Qazaxa bir nömrəli heykəl - təyyarə göndərib. Üzərində də belə bir lövhə: "İlk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbovun xatirəsinə". Lakin o vaxt raykom katibi Fərrux ağanın adına olan lövhəni heykəltəyyarədən sökdürüb, əvəzində belə bir yazı həkk etdirib: "Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə".

* * * * *

Italiya qəhramanı Tahir İsayev ("Serafino"). Tahir İsayev Qazaxın Şıxlı kəndində 1922-ci ildə dünyaya göz açmışdır. Müharibə cəbhəsində Mazdokun altındakı ağır döyüşlərdə yaralanaraq əsir düşmüş və Avstriyadakı əsir düşərgəsindən böyük əziyyətlərlə İtaliyaya keçərək partizan dəstəsinə daxil olmuşdu. Döyüş yoldaşları Tahir İsayevi "Serafino" çağırırdılar. O, "Fiamma Verdi" beynəlmiləl briqadasında italyanlar, fransızlar, ingilislər və ruslarla çiyin-çiyinə vuruşmuşdur. Həmyerlimiz leytenant Serafimo 1945-ci ilin 25 aprelində Milan şəhərinin faşistlərdən təmizlənməsi üsyanında qəhrəmanlıq göstərmişdir. Göstərdiyi igidliklərə görə T.İsayev yeddi İtaliya Ordeni ilə təltif olunmuşdur. Onların arasında "Yaşıl Məşəl", "Antonio" ordenləri, "Haribaldi Ulduzu" vardır. Tahir İsayev haqqında 1974-ci ildə "Onun adı Serafino idi" filmi çəkilmişdir. Şıxlı kəndində olan muzeydə onun haqqında geniş material vardır.

* * * * *

Professor, əməkdar elm xadimi, Qafqazda ilk pedaqoji elmlər doktoru Əhməd Seyidov iş başında.
Əhməd Yusif oğlu Seyidov 1892-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuş, 1917-ci ildə isə Qori Müəllimlər Seminariyasını bitirmişdir. 1917-ci ildən fasiləsiz maarif sahəsində çalışmışdır. 1947-ci ildə doktorluq dissertaciyasını müvəffəqiyyətlə müdafiə edərək Qafqazda ilk pedaqoji elmlər doktoru olmuşdur. Professor Əhməd Seyidov 1943-cü ildən 1974-cü ilə kimi Azərbaycan Pedaqoji İnstitutunun (APİ) pedaqogika kafedrasının müdiri və professoru işləmişdir. 1944-cü ildən 1950-ci ilə kimi Azərbaycan Pedaqoji İnstitutunun rektoru olmuşdur. 1965-ci ildə pedaqoji elmi kadrların hazırlanması və yetişdirilməsi sahəsindəki xidmətlərinə görə ona Azərbaycan SSR əməkdar elm xadimi fəxri adı verilmişdir. Professor Əhməd Seyidov həyatının son illərini doğma kəndində keçirmişdir. O, 1977-ci ildə vafat etmişdir və Aslanbəyli kəndində dəfn edilmişdir.

Əhməd Seyidovun iş vəsiqələri. İkinci vəsiqə onun Azərbaycan Dövlət Pedaqoji İnstitunun rektoru olduğunu təstiq edir.

* * * * *

Azərbaycanın ilk qadın xalq şairi Mirvarid Dilbazi (1912-2001) (sağdan), bacısı Yaqut Dilbazi (1910-1994), (arxada, politoloq Vəfa Quluzadənin anası) ve anaları Cavahir xanım.

* * * * *

Mehdixan Vəkilov və qardaşı Səməd Vurğun (1932). Mehdixan 13-14 yaşından Səməd Vurğun üçün həm böyük qardaş, həm də valideyn əvəzi, yaradıcılıq yolunda onun fədakar dayağı olmuşdur. Mehdixan müəllim özündən sonra qardaşı haqqında "Ömür dedikləri bir karvan yolu" adlı gözəl bir xatirə kitabı qoyub getmişdir. Mehdixan Vəkilov Səməd Vurğunun "Komsomol poeması"nda yaratdığı Cəlal obrazının prototipi sayılır.

* * * * *

Xalq şairi Səməd Vurğun uşaqları ilə birlikdə (Aybəniz, Yusif, Vaqif).

* * * * *

Səməd Vurğun ovda. Səməd Vurğun özü çox səriştəli ovçu idi. Lakin onun ovçu sevdasının arxasında təbiətə vurğunluğu, sadə adamların arasında olmağa can atması dururdu.

Ovçuluğa meyil saldım,
Gecə – gündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə – süzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?

* * * * *

Mehdixan Vəkilov dünyalar qədər sevdiyi, hər bəladan hifs etməyə çalışdığı qardaşı Səməd Vurğuna sonuncu dəfə baxır...(30.05.1956)

* * * * *

Səməd Vurğunun dəfn mərasimi, Bakı, 30 may 1956.

Demə Səməd Vurğun gəldi – gedərdi,
unutmaz bu oba, bu mahal məni...

* * * * *

Prezident Ilham Əliyev Poeziya evinin qarşısında xalq şairi Səməd Vurğunun heykəlinin önünə gül dəstəsi qoyur. Qazax, Yuxarı Salahlı, iyun 2004-cü il.