Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Qazax rayonunun kəndləri

Xanlıqlar - Ağstafa çayının sahilində, dağətəyi ərazidə yerləşir. Yerli məlumatlara görə, bir vaxt türk sərkərdəsi dəfn olunduğu üçün kənd sonralar Musaköy (Musa kəndi) adlanmışdır. Digər məlumata görə isə, 18 əsrdən qazaxlıların tərkibində olan musalı elatının məskunlaşması nəticəsində ad dəyişmişdir. 1994 ildən kənd öz qədim adını bərpa etmişdir. Toponim “xanlıq yeri, sahəsi, ərazisi” kimi yozurlar.

Ağköynək - düzənlikdə yerləşir. Yerli məlumatlara görə, toponim kəndin əsasını qoymuş ağköynək nəslinin adını daşıyır.

Qarapapaq - düzənlikdə yerləşir. Toponim azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqlıların adı ilə bağlıdır. Ta qədimdən Cənubi Qafqazda, xüsusilə Göyçə gölü ətrafında yaşayan qarapapaqlıların böyük əksəriyyəti siyasi hadisələrlə əlaqədar 19 əsrin əvvəllərində Türkiyə və İrana köçmüşdülər. Rusiyada qalan qarapapaqlılar qazax tayfa birləşməsinin tərkibində və Naxçıvanda yaşamışlar.

Daş Salahlı – Avey dağının ətəyindədir. Toponim “daş” sözündən və salahlı etnonimindən ibarətdir. Ağ rəngli, əhəng tərkibli daşlıq sahədə yerləşdiyinə görə belə adlanmışdır. Salahlılar qədim qazax tayfa birliyinə daxil idi.

Çaylı – Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsi Coğaz çayının sahilində salındığına görə belə adlanmışdır. Qıraq Kəsəmən (Ağstafa rayonu) kəndindən çıxmış qızyetərli nəslindən olan ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin ərazisi əvvəllər qızyetərli nəslinin qışlaq yeri olmuşdur.

Kommuna - Gəncə-Qazax düzənliyindədir. Çaylı kəndin yaxınlığında yerləşir və Çaylı Kommuna da adlanır.

Ürkməzli – Kiçik Qafqaz dağlarının ətəyindədir. Yaşayış məntəqəsi vaxtilə ürkməzli nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır.

Aşağı Salahlı - düzənlikdə yerləşir. Qazaxların qədim salahlu tayfasının adındandır.

Orta Salahlı - Gəncə-Qazax düzənliyindədir. Qazaxların qədim salahlu tayfasının adındandır. Aşağı Salahlı ilə Yuxarı Salahlı kəndləri arasında yerləşdiyindən toponimin əvvəlinə Orta sözü əlavə olunmuşdu.

Yuxarı Salahlı - düzənlikdə yerləşir. Keçmiş adı Salahlıdır. 19 əsrdə ondan əmələ gəlmiş yeni məntəqə Aşağı Salahlı, əvvəlki kənd isə Yuxarı Salahlı adlandırılmışdır. Qazaxların salahlu tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Keçmişdə Qıraq Salahlıda adlanmışdır.

Dəmirçilər – bu adda Qazax rayonunda iki kənd var. Biri Birinci Şıxlı kəndin yanında kiçik bir yaşayış məntəqəsi, o birisi isə Coğaz çayının sahilində, dağın ətəyindədir. Hər iki kənd dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 16 əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən birinə çevrilmişdir.

Alpout – Toponim qədim türk mənbələrində 8 əsrdən adı çəkilən alpout (alpavut) tayfaların adı ilə əlaqədardır. Onlar 11-12 əsrlərdə Səlcuq oğuzlarının, 14-15 əsrlərdə Qaraqoyunlu və Ağqoyunlu, 15 əsrin axırlarından isə qızılbaş tayfasının tərkibində Ön Asiya və Cənubi Qafqazın siyasi hadisələrində fəal iştirak etmişlər. Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində, o cümlədən Qazaxda, torpaqlar almışdılar.

Canallı - Gəncə-Qazax düzənliyindədir. Əsl adı Canəlilidir. Toponim Azərbaycan dilinin ahəng qanuna əsasən Canallı formasına düşmüşdür. 19 əsrin ortalarına aid mənbələrdə canəlili qazax tayfalarından biri kimi qeyd olunmuşdur. Kənd canəlili (yaxud canalılı) tayfasının məskunlaşması nəticəsində yaranmışdır.

Kosalar - Gəncə-Qazax düzənliyindədir. Toponim kəndin əsasını qoymuş kosalar nəslinin adını əks etdirir.

Qazaxbəyli - Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsini qazaxbəyli nəsli saldığı üçün belə adlandırılmışdır.

Aslanbəyli – İncəsu çayının (Kürün qolu) vadisində yerləşir. Sovet vaxtı kənd inqilabçı Əli Bayramovun adı ilə Əli-Bayramlı adlandırılmışdır. 1990-cı illərdə tarixi Aslanbəyli adı bərpa edilmişdir. Kəndin adı tayfa başçısının adından yaranmışdır. İncəsu çayının vadisində yerləşən Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndlərinə İncə dərəsi deyilir.

Qaymaqlı - İncəsu çayının vadisində yerləşir. Yaşayış məntəqəsi özündə qədim türkdilli qaymaq (kimak, kaymak) tayfasının adını əks etdirir. Qıpçaq tayfa ittifaqına daxil olan qaymaqların əsas hissəsi 8-9 əsrlərdə Qərbi Sibirdə, İrtış çayının orta axarı boyunda yaşamışdır. 9 əsrin ortalarında qıpçaqların tərkibində qərbə doğru hərəkət etmiş. Bir hissəsi 11-12 əsrlərdə gürcü çarların dəvəti ilə Şərqi Gürcüstana, oradan isə Azərbaycana köçmüşlər.

Kəmərli - İncəsu çayının vadisində, dağlıq ərazidə yerləşir. Qazax tayfa ittifaqına daxil olan kəmərli tayfasının məskunlaşması nəticəsində yaranmışdır.

Birinci Şıxlı - Kür çayının sahilində yerləşir. Kəndin adına “birinci” sözü onu İkinci Şıxlı toponimindən fərqləndirmək üçün artırılmışdır. Toponim özündə qazaxların şıxlı qolunun adını əks etdirir. 19 əsrin əvvəlinə aid mənbədə şıxılu kimi qeyd olunmuşdu. 1537 ildə Şəmkirdən köçüb Qazax mahalına gələn Ağdolaqlı Məhəmməd ağanın oğlu Şıxı övladlarının adındandır.

İkinci Şıxlı - düzənlikdə yerləşir. 1950 ilədək mövcud olmuş Sarıvəllı və Dəllər kəndlərinin genişlənərək birləşməsi nəticəsində yaranmış və İkinci Şıxlı adlandırılmışdır.

Omarağalı – Kür çayının sahilində yerləşir. Yaşayış məntəqəsini indiki Birinci Şıxlı kəndindən çıxmış ömərağalı adlı nəslə mənsub ailələr binə etdiyi üçün belə adlanmışdır. Ömərağalılar mənşəcə qazaxların şıxlı tayfasının ən iri tirələrindən olmuşdur.

Aşağı Əskipara - yaşayış məntəqəsi Coğaz çayının sahilində, Qazançı dağın ətəyindədir. Hal-hazırda kənd erməni işğalı altındadır.

Yuxan Əskipara – dağətəyi ərazidədir. Keçmiş adı Əskiparadır. Ondan yaranmış yeni məntəqə Aşağı Əskipara, əvvəlki kənd isə Yuxarı Əskipara adlandırılmışdır. Azərbaycan dilindəki “əski” (köhnə, qədim) və “para” (yer, kənd, hissə) sözlərindən ibarət olub, “ köhnə, qədim kənd” mənasındadır. Hal-hazırda kənd erməni işğalı altındadır.

Xeyrımli - Gəncə-Qazax düzənliyindədir. Keçmiş tam adı Dil Xeyrimlidir. Toponim deli xeyrimli tayfasının adındandır. Hal-hazırda kənd erməni işğalı altındadır.

Bağanıs Ayrım - Coğaz çayının sahilindədir. Keçmiş adı Seyid Ayrımdır. Yaşayış məntəqəsini ayrımların seyidli qoluna mənsub ailələr keçmişdə mövcud olmuş Bağanis kəndin yaxınlığında saldığı üçün belə adlanmışdır. Seyidlilər 19 əsrin əvvəlində 108 ailədən ibarət tirə olmuşdur. Toponim “Bağanis kəndi yaxınlığındakı Ayrım kəndi” mənasındadır. Kəndi 1990 ilin martında erməni işğalçıları zəbt edərək büsbütün yandırmışdır. Hal-hazırda kənd erməni işğalı altındadır.

Qızılhacılı - yaşayış məntəqəsinin adı qızılhacılı tayfasının adındandır. Hal-hazırda kənd erməni işğalı altındadır.

Barxudarlı – dağətəyi ərazidədir. Kəndi barxydarlı nəslinə mənsub ailələr saldığına görə belə adlanmışdır. Nəslin adı fars dilindəki bərxurdar - “arzusuna yetişmiş, xoşbəxt” sözündən əmələ gəlib. Hal-hazırda kənd erməni işğalı altındadır.

Sofulu – yaşayış məntəqəsinin adı Zəngəzur və Qazax qəzalarında yaşamış kəngərlilərin sofulu tayfasının adı ilə bağlıdır. Hal-hazırda kənd erməni işğalı altındadır.

Quşçu Ayrım - Qazançı dağın ətəyindədir. Keçmişdə Qazax qəzasında Ayrım adlı iki kənd vardı. Bir-birindən fərqləndirmək üçün biri Quşçu kəndi yaxınlığında yerləşdiyinə görə Quşçu Ayrım, digəri Bağanis kəndin yaxınlığında olduğuna görə Bağanis Ayrim adlanırdı. Toponim “Quşçu kəndi yaxınlığındakı Ayrım kəndi” mənasındadır.

Məzəmli - Coğaz çayının sahilində, dağətəyi ərazidə yerləşir.

Fərəhli - Gəncə-Qazax düzənliyində yerləşir. Əsl adı Fəxrəlidir. Yaşayış məntəqəsi 19 əsrin 2-ci yarısında Ağköynək kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranıb.

Cəfərli – Ağstafa çayının sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Yaşayış məntəqəsi sarıxanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır.

Bala Cəfərli - dağətəyi ərazidədir. Toponim “kiçik Cəfərli kəndi” mənasındadır. 

Abbasbəyli – kəndin keçmiş adı Daharbəylidir. Yaşayış məntəqəsi 19 əsrdə Dəmirçilər kəndində abbasbəylı adlı bir nəslə mənsub ailələr tərəfindən bina edildiyinə görə belə adlanmışdır.