Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Elçin İsmayıl oğlu Şıxlı (1957)

Elçin İsmayıl oğlu Şıxlı - 2001-ci ilin yanvarından "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru, 1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir.

Elçin Şıxlı 1957–ci il oktyabrın 4-də Bakı şəhərində yazıçı İsmayıl Şıxlının ailəsində anadan olmuşdur. 1974-cü ildə Bakı şəhəri 190 N-li məktəbi bitirmişdir. 1974-cü ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş və 1979-cu ildə həmin institutu ingilis və alman dilləri müəllimi ixtisası alaraq bitirmişdir. 1979-cu ilin avqustundan oktyabrınadək Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi informasiya-reklam şöbəsinin müfəttişi işləmişdir. 1979-cu ilin oktyabrından 1981-ci ilin mayınadək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş və həmin müddət ərzində o zamankı Almaniya Demokratik Respublikası ərazisində yerləşmiş sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik etmişdir.

1981-ci ilin iyul-avqust aylarında «İnturist» ÜSC Bakı şöbəsində tərcüməçi işləmişdir.
1981-ci ilin avqustundan 1986-cı ilin sentyabrınadək Azərbaycan Xarici ölkələrlə Dostluq və mədəni əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olmuşdur.
1986-cı ilin sentyabrından 1988-ci ilin mayınadək Azərbaycan SSR Maarif Nazirliyi Kollekgiyasının katibi vəzifəsində işləmişdir.
1988-ci ilin mayından 1989-cu ilin aprelinədək V.İ.Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Heyəti aparatında baş referent olmuşdur.
1989-cu ilin aprelindən 1990-cı ilin iyulunadək «Azəpbaycan Kommunisti» - «Kommunist Azerbaydjana» jurnalında ədəbi işçi kimi çalışmışdır.
1990-cı ilin iyulundan 1998-ci ilin fevralınadək «Ayna»-«Zerkalo» qəzetləri redaksiyasında baş redaktor müavini,
1998-ci ilin fevralından 1999-cu ilin mayınadək «Al-ver» qəzetinin baş redaktoru,
1999-cu ilin mayından 2001-ci ilin yanvarınadək «Ayna Mətbu Evi» şirkətinin prezidenti vəzifələrində çalışmışdır.

Evlidir. İki övladı var.