Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Fərruxağa Qaibov (1891-1916)

İlk Azərbaycan təyyarəçisi Fərruxağa Məmmədkərimağa oğlu Qaibov 1891-ci ildə Qazax rayonunun Salahlı kəndində dünyaya gəlmişdir. Fərrux Qaibov imperator eskadronu yunkerinin ailəsində dünyaya gəlmişdir. Atasını erkən yaşlarında itirmiş Fərruxa əmisi himayədarlıq etmiş, onu Peterburq Konstantinovsk artilleriya məktəbinə vermişdir. Hələ hərbi məktəbdə F.Qaibov cəsurluğu, atıcılıq bacarığı ilə fərqlənmişdir. Birinci Dünya müharibəsində Qaibov Qərb cəbhəsinə göndərilmiş, “İlya Muromets 16”  təyyarəsinin heyətinə zabit təyin edilmişdir.

Müharibə zamanı  “İlya Muromets 16” Vilno üzərində Almaniyaya məxsus 4 hərbi təyyarə ilə təkbaşına dörd saat ərzində döyüşərək, onlardan 3-ünü vurub və özü təyyarəsinin ekipajı ilə birlikdə həlak olmuşdur. Vurulmuş təyyarə Almaniya cəbhəsinin olduğu sərhəddə düşmüşdü. Alman komandanlığı bu cəsarətə görə bütün ekipajı təntənə ilə dəfn etmişdir. Onların məzarları üzərində yaylım atəşi açılmışdır. “İlya Muromets”in şücaəti qarşısında düşmənlər də baş əyməli olmuşlar. Ölümündən sonra poruçik Qaibov 4-cü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif olunmuşdur.

“Muromets” təyyarəsinin rəşadətindən xəbər verən daha bir məqam. Qaibovun qəhrəmanlığından xəbəri olan Qazax-Tovuz seçki dairəsindən SSRİ Ali Sovetinin deputatı, aviasiya marşalı Pavel Kutaxov 1971-ci ildə abidə qismində üstündə “İlk Azərbaycan təyyarəçisi Fərruxağa Qaibovun xatirəsinə…” sözləri yazılmış lövhə olan təyyarə göndərmişdi. Lakin o vaxtkı rayon partiya komitəsinin katibi “hər ehtimala qarşı” lövhəni “Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə” sözləri yazılmış lövhə ilə əvəz etmişdir.

2009-ci ildə Belarusun Oşmyansk rayonunun Boruni kəndində Birinci Dünya müharibəsində “İlya Muromets 16” təyyarəsinin qəhrəmancasına həlak olmuş heyətinin şərəfinə xatirə abidəsinin təntənəli açılış mərasimi olmuşdur.