Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Mirvarid Dilbazi (1912-2001)

Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olmuşdur. APİ-nin dil və Ədəbiyyat-İctimaiyyət fakültəsində təhsil almışdır (1929). İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunmuşdur. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri (1934-1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938-1940) vəzifələrində çalışmışdır. İki dəfə «Şərəf nişanı» ordeni, «Qırmızı Əmək Bayrağı», «İstiqlal» ordeni və medallarla təltif edilmişdir.

«Qadınların hüriyyəti» adlı ilk şeri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilmişdir. Bu dərgidə o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şerləri dərc olunmuşdur. Böyük Vətən müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutmuşdur. Bu illərdə şairənin yeddi kitabı çap olunmuşdur ki, bunların altısı Vətən müharibəsinə həsr edilmişdir. «Məhsəti» (1945), «Əlcəzairli qız» (1961), «Partizan Aliyə» (1972) poemalarının müəllifidir.

Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə bir çox mahnı, romans və oratoriyalar bəsləmişlər. Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və b. şairlərin əsərlərini, Evripidin «İppolit» faciəsini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.

2001-ci il iyulun 12-də vəfat etmişdir.