Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Mehdi Hüseyn (1909-1965)

Mehdi Əli oğlu Hüseynov – yazıçı, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan xalq yazıçısı (1964), SSRİ Dövlət mükafatı laureatı (1950) - 1909-cu il mart ayının 22-də Qazax rayonunun Şıxlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin pedaqoji fakütləsinin tarix şöbəsini (1929) və Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenaristlər kursunu (1938) bitirmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930-1934), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958-1965) olmuşdur.

Yaradıcılığa müxbir yazıları ilə başlamışdır. İlk tənqidi məqaləsi ("Bizdə futurizm cərəyanı") 1926-cı ildə, ilk hekayəsi ("Qoyun qırxımı") isə 1927-ci ildə dərc edilmişdir. "Bahar suları" (1930), "Xavər" (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapmışdır. "Tunel" (1927), "Qan intiqamı" (1928), "Kin" (1935), "Daşqın" (1933-1936) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən surətlər yaratmışdır.

Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan "Komissar"da (1942-1949) pəşəkar inqilabçı Məşədi Əzizbəyovun surəti ön plana çəkilmişdir. Ən mühüm tarixi əsəri olan "Səhər" (1953), "Tərlan" (1940), "Vətən çiçəkləri" (1942), "Moskva" (1942), "Ürək" (1945), "Fəryad" (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən "Abşeron" (1949), müəyyən mənada onun davamı olan "Qara daşlar" (1957-1959) və "Yeraltı çaylar dənizə axır" (1965) romanları ictimai, mənəvi-əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətəlayiqdir. Mehdi Hüseyn dramaturq kimi də tanınmışdır. Dram yaradıcılığına "Şöhrət" (1939) pyesi ilə başlamışdır. "Nizami" (1942) və "Cavanşir" (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvərliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. "Alov" (1961), "İntizar" (1944, İlyas Əfəndiyevlə birgə), "Şamil" (1940-1941) və "Qardaşlar" (1948) pyesləri, habelə xatirələri, yol qeydləri ("Bir ay və bir gün", 1963), gündəlikləri var. Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərmişdir. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

1965-ci il martın 10-da Bakıda vəfat etmişdir.