Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Mədinə xanım Qiyasbəyli (1889 - 1938)

Mədinə xanım Qiyasbəyli (Vəkilova) 1889-cu ilin aprelində Qazax qəzasının Salahlı kəndində anadan olmuşdur. Tiflisdə "Müqəddəs Nina" qız məktəbini, sonra birillik pedaqoji kursu bitirmiş, müəllimlik şəhadətnaməsi almışdır (1905). Salahlı kəndində öz yaşadığı evdə ilk kənd qız məktəbini açmışdır (1906), ömrü boyu maarif və mədəniyyətin inkişafina çalışmışdır. Qazax və Gədəbəy bölgələrində məktəb təşkil etmiş, Qazax qəzasında xalq məktəblərinin inspektoru olmuşdur (1918).

Bakıya köçəndən sonra burada yaşadığı mənzildə kurslar təşkil etmişdir. Sonra azərbaycanlı qızlar üçün Darülmüəllimat-qız məktəbləri üçün ibtidai sinif müəllimləri hazırlayan ilk pedaqoji təhsil ocağını yaratmışdır. Sonra Bakıda orta məktəblərdə, Kənd Təsərrüfatı İnstitutunda müəllimlik etmişdir. "Şərq qadını" jurnalının yaradıcılarından biri kimi savadsızlığa qarşı mübarizəyə qoşulmuşdur. Onun təşəbbüsü ilə Türk respublikaları arasında ilk qadın müəllimələr seminariyasının əsası qoyulmuşdur.

Tərcüməçilik fəaliyyəti ilə ardıcıl məşğul olmuşdur. Səməd Vurğun A.S.Puşkinin "Yevgeni Onegin" mənzum romanının poetik tərcüməsi üzərində çalışarkən onun tövsiyələrinə qayğı ilə yanaşmışdır. Rus oxucuları onun tərcüməsi ilə M.S.Ordubadinin "Dumanlı Təbriz", Əbülhəsənin "Yoxuşlar" romanı ilə tanış olmuşlar. Mədinə xanım Qiyasbəyli 1936-cı ilin dekabrında həbs olunmuş, iki ildən sonra güllələnmişdir. Ölümündən iki il sonra bəraət almışdır.