Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Məmmədrza ağa Vəkilov (1864 - 1944)

Məmmədrza ağa Vəkilov 1864-cü ildə Qazax qəzasının Salahlı kəndində dünyaya gəlib. 1876-cı ildə I Tiflis klassik gimnaziyasında təhsilini başa vurub. 1887-ci ildə Xarkov Universitetinin tibb fakültəsinə daxil olub. 1893-cü ildə universiteti bitirib və Tiflisdəki Muxayovsk xəstəxanasında üç il həkim işləyib. 1896-cı ildə Qars dəmiryolu xəttinə sərbəst işə - sahə həkimi vəzifəsinə təyin edilib. 1898-ci ildə həmin sahədə 50 çarpayılıq xəstəxana təşkil olunandan sonra xəstəxanaya müdir təyin olunub. Bakıdakı dəmiryolu xəstəxanasına həkim-ordinator göndərilib.

1901-ci ildə Bakı şəhər tibb cəmiyyəti iki həkimi (sahə həkimi) evdə xəstələri müalicə etmək üçün seçərkən onlardan biri M. Vəkilov olur. Əhaliyə ambulator yardım təşkil edilməsinin ilk banilərindən biri M.Vəkilov idi. Bir ilə yaxın sahə həkimi işləyən M. Vəkilov əhalinin nə qədər ambulator müalicəyə ehtiyacı olduğunu öz gözləri ilə görür. Məhz buna görə o, Bakıda ilk poliklinika təşkil edir. M. Vəkilov Bakı şəhər tibb cəmiyyəti, şəhər duması qarşısında müalicəxanaların artırılması barədə dəfələrlə məsələ qaldırır və öz məqsədinə nail olur - Bakı şəhərində 10 poliklinika açır. Həmin poliklinikalar bu gün də Bakı şəhərində fəaliyyət göstərir. Onlardan biri Bakı şəhər 2 nömrəli poliklinikasıdır. M. Vəkilov iyirmi il bu poliklinikaya rəhbərlik edib. Sonra isə 1944-cü ilə qədər burada sahə həkimi işləyib. Ümumiyyətlə, M. Vəkilov 50 il həkimliklə məşğul olub. Təsadüfü deyil ki, yaşlı nəsil hələ indi də 2 nömrəli şəhər poliklinikasını "Vəkilovun poliklikası" adlandırır.

M. Vəkilov gözəl, qayğıkeş həkim olmaqla bərabər, ağıllı təşkilatçı, dostluğa sadiq bir insan idi. Hələ 1900-cü ildə o, Zaqafqaziya Tibb Cəmiyyətinin həqiqi üzvü seçilmişdir (protokol N 166, 2 may, 1900-cü il, Tiflis). Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü olub.