Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Tahir İsayev (1922-2001)

Tahir İsayev Qazax rayonunun Şıxlı kəndində 1922-ci ildə dünyaya göz açımışdır. 1942-ci ildə müharibə cəbhəsində Mazdokun altındakı ağır döyüşlərdə yaralanaraq əsir düşümüşdür. Avstriyadakı əsir düşərgəsindən qaçmış və böyük əziyyətlərlə İtaliyaya keçərək, Berqamo şəhəri yaxınlığında partizan dəstəsinə daxil olmuşdur.

Tahir "Fiamma Verdi" beynəlmiləl briqadasında italyanlar, fransızlar, ingilislər və ruslarla çiyin-çiyinə vuruşmuş, rus, alman və italiyan dillərini gözəl mənimsəmişdir. Döyüş yoldaşları Tahir İsayevi "Serafino" çağırırdılar. Bu adı ona atası İsrafilin adına uyğun olaraq vermişdilər. Həmyerlimiz leytenant Serafino 1945-ci ilin 25 aprelində Milan şəhərinin faşistlərdən təmizlənməsi zamanı qəhrəmanlıq göstərmişdir. O, yenilməz şücaət nümayiş edib, onlarla faşisti məhv etmişdir. Göstərdiyi igidliklərə görə T.İsayev bir neçə İtaliya dövlət mükafatları ilə təltif olunmuşdur. Onların arasında İtaliyanın ən yüksək qəhrəmanlıq rəmzləri olan “Haribaldi ulduzu”, “Antonio Qramşi”, “Banderi Kalori” ordenləri, ümumən 36 orden və medal var idi. 1945-ci ildən Milan şəhərinin fəxri vətəndaşı olmuşdu.

Əfsanəvi “Serafino” İtliyanın Milli Qəhrəmanı idi. Amma müharibədən qayıdan Tahiri vətənində, Qazaxın 1-ci Şıxlı kəndində yaxşı qarşılanmır. Əsir düşdüyünə görə 23 yaşlı İsayev Qazaxda az qala xalq düşməni kimi qələmə verilir. Atası İsrafil kişi ümumiyyətlə ondan imtina edir. Tahir isə heç kimə, heç nə sübut edə bilmir, atasının da üzünə qayıtmır. İtaliyadan, qanı bahasına qazandığı orden-medalları da bir torbaya yığıb kənddən baş götürüb Rustaviyə gedir.

Tahir doğma kəndinə sonralar qayıdır. Amma bu dəfə ona daş atmağa hazırlaşanlar, “Serafino”nu gül-çiçəklə qarşılayırlar. Buna səbəb İtaliya Kommunist Partiyasının sədri Palmiro Tolyattinin sorğusu olmuşdur. SSRİ-yə gələn Palmiro Tolyatti Xruşşovdan Tahir İsayevi soruşur. Kremldən Azərbaycana gələn zəng Tahirin anadan olduğu və valideynlərinin yaşadığı Qazax rayonunu, Şıxlı kəndini ayağa qaldırır. Rayonun birinci katibi şəxsən Rustaviyə gedir, yerli maşınqayırma zavodunda fəhlə işləyən Tahiri xahiş-minnətlə Qazaxa gətirir. Sonra onu Moskvaya yola salırlar və beləliklə Tahir İsayev məşhur olur.

Qəhraman döyüşçü haqqında İtaliyada 1974-ci ildə "Onun adı Serafino idi" adlı film çəkilmişdir. Tahir İsayev 2001-ci ildə dünyasını dəyişmiş və Şıxlı kəndində dəfn olunmuşdur. Şıxlı kəndində olan muzeydə onun haqqında geniş material var.